Türkiyə ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Tbilisi, 19 avqust, AZƏRTAC
Gürcüstanın müdafiə naziri Canuşer Burçuladze Türkiyənin müdafiə naziri Hulusu Akar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Canuşer Burçuladze Gürcüstanın NATO-ya üzvlük məsələsində və ölkəsinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.
Görüşdə Türkiyənin son on il ərzində Gürcüstanın Silahlı Qüvvələrinin inkişafına göstərdiyi kömək xüsusi vurğulanıb.
Söhbət zamanı Gürcüstan ilə Türkiyə arasında müdafiə sahəsində həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər ortaq hərbi təlimlərin təşkili, eyni zamanda, NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq təlimlərdə birgə iştirak barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, C.Burçuladze Türkiyəyə səfəri çərçivəsində İstanbulda bu ölkənin müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə də görüşüb. Görüşlərdə bir sıra məsələlər, o cümlədən birgə müəssisələrin yaradılması imkanları müzakirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi