TÜRKİYƏ MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ
Türkiyənin ən böyük və nüfulzu media qrupu olan “Doğan Holdinq”in nümayəndə heyətinin Azərbaycana səfəri ölkənin mətbuatı tərəfindən geniş işıqlandırılır.
Sentyabrın 8-də “Hürriyyət”, “Milliyyət”, “Radikal”, “Posta” qəzetlərinin ilk səhifələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Doğan Holdinq” idarə heyətinin sədri Aydın Doğanı qəbul edərkən çəkilən fotoşəkillər verilmiş, nümayəndə heyətinə göstərilən səmimi münasibət, böyük qonaqpərvərlik xüsusi vurğulanmışdır.
Türkiyənin ən böyük tirajlı “Hürriyyət” və “Milliyyət” qəzetlərində isə bu mətbu orqanların baş redaktorları, tanınmış jurnalistlər Ərtoğrul Özkök və Mehmet Yılmazın səfər təəssüratları, Azərbaycandakı görüşlər haqqında geniş məqalələri dərc olunmuşdur.
Azərbaycanda aparılan iqtisadi islahatlar, ordu quruculuğu, maarif və təhsil islahatları, tikinti işləri haqqında oxucularına geniş məlumat verən jurnalistlər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tükənməz enerjisi, siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və bütün varlığı ilə doğma vətəninə xidmətinin yalnız müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi üçün deyil, bütün türk dünyasının birlik və bərabərliyi, gələcəyə mətin addımlarla irəliləməsi üçün fürsət olduğunu nəzərə çarpdırırlar.
Azərbaycan Prezidenti Heydər Əliyevi Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkə bənzədən “Milliyyət” qəzetinin baş redaktoru Mehmet Yılmaz bu gün Türk dünyasında belə bir şəxsiyyətin varlığının hər bir türkün gələcəyə inamla baxmasına səbəb olduğunu bildirir. O yazır:
“...Heydər Əliyevi dinlədiyim zaman özümü sanki, Türkiyə Cumhuriyyətinin ilk illərində, Çankayadakı söhbətlərin birinin şahidi olan kimi hiss etdim... Çankayanın ilk sakini kimi o da, üç ay içində kiril əlifbasının latın qrafikası ilə əvəz ediləcəyinə inanmış və buna da nail olmuşdur. Heydər Əliyevi Azərbaycanda sevməyənlərin də olduğuna şübhəm yoxdur. Ancaq əminəm ki, gündəlik siyasi müzakirələr yaddaşlardan silinəcək, sadəcə, görülən işlər xatırlanacaq, yarım əsr sonra o, əzəmətli dönüşün memarı olaraq yaddaşlarda qalacaqdır... Gündəlik siyasi davalar içində boğulan Türkiyə kimi bir ölkədən gələcəyi düşünən, isıqlı gələcəyi hədəf seçən, bunun təməl daşlarını qoyan insanların varlığını görmək həqiqətən ümüdvericidir...”
“Hüriyyət” qəzetinin baş redaktoru Ərtoğrul Özkök isə oxucuların diqqətini Azərbaycanda ordu quruculuğu və təhsil sahələrində həyata keçirilən islahatlara cəlb edir. Ölkəmizin rəhbərinin bu sahədə verdiyi fərmanları inqlabi, tarixi əhəmiyyətli cəsur addımlar kimi qiymətləndirir. Bununla yanaşı, Prezident Heydər Əliyevi çox qonaqpərvər, istiqanlı, səmimi bir şəxsiyyət, olduqca maraqlı, müdrik və düşüncələrini açıq söyləyən həmsöhbət kimi dəyərləndirir.
Türkiyənin kütləvi informasiya vasitələri “Doğan Holdinq” idarə heyətinin sədri Aydın Doğana Bakı Dövlət Universiteti tərəfindən fəxri doktor adının verildiyini, iki ölkə arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın ğenişlənəcəyini, yaxın zamanlarda Azərbaycanda “Kanal D” televiziyasının yayıma başlayacağını da bildirirlər bildirirlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara