RƏSMİ XRONİKA
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğandan
Əziz qardaşım,
Dost və qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə millətim və hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əziz gündə Azərbaycan xalqının haqlı qürur, sevinc duyğularına ürəkdən şərik oluruq.
Türkiyə və Azərbaycan gücünü ortaq tarix və mədəniyyət birliyindən alan, möhkəm tellərlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi yaşayan ölkələrdir.
Bu baxımdan, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2011-ci il oktyabrın 25-də İzmirdə keçirilən birinci iclası və 2012-ci ildə Bakıda təşkil edilməsi nəzərdə tutulan ikinci toplantısı əlaqələrimizin 20 ildə çatdığı səviyyəsinin göstəricisidir.
Azərbaycan bölgədə ən mühüm strateji tərəfdaşımızdır və ölkənizin uğurları ilə qürur duymaqdayıq. Bu mənada Türkiyə və Azərbaycan əlaqələrini həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı fayda və həmrəylik əsasında qətiyyətlə daha da irəliyə aparacağımıza şübhə etmirəm.
Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı üçün ən səmimi arzularımı çatdırıram.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Baş naziri