Türkiyə türkcəsinin tarixi və inkişaf metodları “dəyirmi masa”da müzakirə edilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Müasir Türkiyə türkcəsinin söz varlığı və imla məsələləri” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor, akademik Kamal Abdulla Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalını rəhbərlik etdiyi ali məktəbdə görməkdən məmnun olduğunu söyləyib: “Şükrü Haluk Akalın təkcə Türkiyədə deyil, bütün türk dünyası və Avropa alimləri arasında böyük nüfuza malikdir. O, bu gün həm praktik dil mütəxəssisi kimi, həm də internet və kompüter dilçiliyi istiqamətləri üzrə inkişaf prinsiplərini izləyən alim kimi çox işlər görür. Onun dəyərli məsləhətləri və fəal iştirakı ilə “Türkologiya” jurnalı Amerika və Avropada tanınan bir dərgiyə çevrilib. Azərbaycanda türkologiya elminin vəziyyəti ilə maraqlandığı üçün ona təşəkkürümü bildirirəm”.
Şükrü Haluku Akalın “Müasir Türkiyə türkcəsinin imlası və söz varlığı üzərinə görüşlər” mövzusunda təqdimatla çıxış edib. O, şifahi və yazılı Türkiyə türkcəsinin tarixi, müxtəlif dövrlərdə bu dildə baş verən inkişaf metodları barədə ətraflı məlumat verib. Qədim Anadolu, Osmanlı və Türkiyə türkcəsi haqqında danışan Haluk Akalın bu dillərin leksik, qrammatik və etimoloji xüsusiyyətlərini də geniş şəkildə şərh edib.