Türkiyədə 22 il əvvəl baş vermiş dağıdıcı zəlzələnin acıları yaddaşlardan silinmir
Ankara, 17 avqust, AZƏRTAC
1999-cu il avqustun 17-də yerli vaxtla 03.02-də mərkəzi Kocaeli vilayətinin Gölcük rayonu olmaqla Türkiyənin Marmara bölgəsində baş vermiş 7.4 bal gücündə zəlzələdən 22 il ötür.
AZƏRTAC xəbər verir ki, faciənin qurbanlarının xatirəsinə ehtiram olaraq Kavaklı məhəlləsi sahillərində anma mərasimi təşkil olunub. Rəsmi şəxslər, ölkə ictimaiyyətinin geniş təmsil olunduğu, zəlzələ qurbanlarının doğma və yaxınlarının iştirakı ilə keçirilən mərasim Türkiyənin Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra zəlzələ qurbanlarının ruhuna dualar oxunub.
Qeyd edək ki, bu yeraltı təkan Türkiyə ərazisində tarix boyu meydana gələn ikinci ən güclü dağıdıcı zəlzələ olaraq qiymətləndirilir.
Həm əhali sıxlığı, həm də iqtisadi baxımından Türkiyənin əhəmiyyətli bölgəsinə Kocaeli, İstanbul, Yalova və Sakarya vilayətlərinə təsir edən 17 avqust zəlzələsi nəticəsində 17 min 480 nəfər həlak olub, 23 min 781 nəfər müxtəlif bədən xəsarətləri alıb, 505 nəfər isə əlil qalıb.
Yeraltı təkan nəticəsində 285 min 211 ev, 42 min 902 iş yeri ağır zədələnib, 133 min 683 binanın çökməsi nəticəsində isə təxminən 600 min insan evsiz qalıb.
Ümumiyyətlə, bu zəlzələ təxminən 16 milyon insana müxtəlif dərəcələrdə təsir göstərib. Bu amansız təbii fəlakət zamanı bölgədə, eləcə də Türkiyənin sənaye şəhəri olan Kocaelidə demək olar ki, bütün tikililər dağılıb və ya ağır zədə alıb. Üstündən 22 il keçsə də dağıdıcı zəlzələnin acıları yaddaşlardan silinmir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara