Türkiyədə ailə-məişət zəminində münaqişələr nəticəsində 9 nəfər öldürülüb
Bakı, 22 avqust, AZƏRTAC
Türkiyənin Diyarbəkir və Adana vilayətlərində ailə-məişət zəminində münaqişələr nəticəsində 9 nəfər öldürülüb, 13 yaralı var.
AZƏRTAC CNNTürk telekanalının saytına istinadla xəbər verir ki, Diyarbəkirin Silvan rayonundakı Gökçə Təvək kəndində iki ailə arasında qohum olan iki ailənin üzvləri arasında silahlı atışma baş verib. Həyat yoldaşından qaçaraq atasının evinə sığınan qadını geri qaytarmaq istəyən bir ailənin üzvlərinin avtomat silahlardan atəş açması nəticəsində 6 nəfər həyatını itirib, 12 yaralı Dəclə Universitetinin xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Polis cinayətkarları yaxalasa da, qadının əri hadisə yerindən qaça bilib. Hazırda onun yaxalanması üçün axtarış-əməliyyat tədbirləri aparılır. Kəndə giriş-çıxışın bağlandığı bildirilir. Cinayətkarların maşınından 2 ədəd avtomat silah və 2 ədəd pompalı tüfəng götürülərək müsadirə olunub.
Daha bir qanlı hadisə Adana şəhərində baş verib. Şəhərin Körpülü məhəlləsində kafedə oturan üç nəfərə və bir motosikletli şəxsə şəxsiyyəti müəyyən edilməmiş cinayətkar tərəfindən atəş açılıb. Tapançadan açılan atəş nəticəsində 3 nəfər ölüb, 1 adam isə ağır yaralanıb.
Ağır yaralı şəxs Adana şəhər xəstəxanasına çatdırılıb. Əraziyə cəlb edilən çoxlu sayda polislər məhəlləni mühasirəyə alıblar. Cinayətkarın yaxalanması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.