Türkiyədə HDQ-nin ehtiyacları üçün müasir döyüş idarəetmə paneli təqdim edilib
İzmir, 29 may, AZƏRTAC
Türkiyənin “Mensan” şirkəti tərəfindən hazırlanmış yerüstü və sualtı gəmilər üçün döyüş idarəetmə sistemləri Hərbi Dəniz Qüvvələrinin əməliyyatlarının effektivliyinə mühüm töhfə verir. Panel səssiz rejimdə işləyir və qızmır, bu da gəminin istismarında iştirak edən Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti üçün böyük bir üstünlükdür.
Bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin İzmirdə keçirilən EFES-2024 təlim proqramı çərçivəsində təşkil etdiyi müdafiə sərgisi ilə əlaqədar AZƏRTAC -a müsahibəsində “Mensan” müdafiə sənayesi şirkətinin qurucusu Şerafettin Mendi deyib.
Onun sözlərinə görə, “Mensan” döyüş idarəetmə sistemləri mənfi 10 ilə müsbət 50 dərəcə Selsi arasında olan temperatur intervalında normal işləyir. “Kiçik döyüş gəmilərində orta hesabla 5-6 belə döyüş idarəetmə sistemi var, korvetlərdə isə onların sayı 20-dir. Daimi işləyən panellərdən çıxan yüksək səs çox vaxt gəmi heyətinə mənfi təsir göstərir. Müasir “Mensan” inkişafları ilə bu baş vermir”, - deyə Mendi əlavə edib.
Mendi qeyd edib ki, “Mensan” məhsullarının xarici analoqları daha zəif prosessorlarla təchiz olunub. “Döyüş idarəetmə panellərimizin bütün sınaqları uğurla keçdi. Təkliflər artıq döyüş gəmilərinə inteqrasiya olunub”, - deyə şirkət rəhbəri bildirib.
Azərbaycan tərəfi ilə təmaslara gəlincə, Şerafettin Mendi bildirib ki, snayperlərin hazırlanmasında istifadə olunan “Mensan” məhsulları əvvəllər Azərbaycana da gətirilib. “Biz qardaş ölkə ilə gələcək əməkdaşlığa hazırıq”, - deyə o vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir