Türkiyədə səfərdə olan YAP-ın nümayəndə heyəti Manisada bir sıra görüşlər keçirib
Manisa, 9 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
AZƏRTAC-ın Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində Manisa Azərbaycan Mədəniyyət Evinin rəhbəri Seyfəddin Ayakyayla görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu qardaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşün iştirakçıları, həmçinin Türkiyənin “Kanal 45” telekanalının qonağı olub, aparıcının suallarını cavablandırıblar.
Sonra Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Manisada Yunusemre bələdiyyəsinin Osmanlı muzeyini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti Türkiyənin tarixini, inkişaf yolunu əks etdirən müxtəlif eksponatlarla, qədim dövrə aid əşyalarla tanış olublar.
Eyni zamanda, YAP-ın nümayəndələri Manisa AK Parti şəhər təşkilatı tərəfindən təşkil olunan İrfan məclisində iştirak edib. Qardaşlıq, dostluq mesajlarının verildiyi məclisdə ölkələrimiz, xalqlarımız arasında olan sarsılmaz birliyin, qardaşlığın əbədi olacağı bir daha vurğulanıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Malik Həsənov, Mahir Abbaszadə və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov daxildir.