Türkiyəni qarşıda əlverişli turizm mühiti gözləyir
Bakı, 19 avqust, AZƏRTAC
“Nirvana Hotels”in baş direktoru Korhan Alşanın bu ilin sonlarına qədər Türkiyədə gözlənilən əlverişli turizm mühiti barədə proqnozları yayılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sabah” qəzetinə danışan Korhan Alşanın sözlərinə görə, sentyabr ayında oteldə doluluq nisbəti 90 faiz olacaq. Ancaq yerli turistlər üçün dərs ilinin başlaması səbəbindən doluluq nisbətinin 10 faizə enəcəyini qeyd edən mütəxəssis sentyabrdan oktyabradək olan dövrdə Rusiya, Almaniya və Ukraynadan artan tələbatla bu boşluğun dolacağına əminliyini bildirib. Onun proqnozlarına görə, Antalyada otellərin dolma nisbətinin təxminən 80 faiz olacağı gözlənilir.
Eyni zamanda, sentyabrdan oktyabradək tələbatın tədricən azalacağının gözlənildiyini bildirən mütəxəssis bunun 10 faizdən az olmayacağını deyir, əvəzində, noyabr ayında proqnazlaşdırılan isti hava səbəbindən Türkiyənin turizm sektorunda sürprizlə üzləşəcəyini söyləyir: "Düşünürük ki, noyabr ayında sürpriz ola bilər və tələbat gözlədiyimizdən də yaxşı ola bilər, çünki bütün ölkələrdə peyvəndin səviyyəsi gündən-günə artır".
Peyvənd Məlumatları Platformasına görə, Türkiyədə 44,5 milyondan çox insan (əhalinin 52 faizi) peyvəndə cəlb edilib, onların 33,5 milyonu tam peyvənd olunub.