REGİONLAR
Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü Gəncədə qeyd edilib
Gəncə, 23 aprel, E.Məmmədov, AZƏRTAC
Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl qonaqlar istedadlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Sonra Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib və uşaqlar tədbiri açıq elan ediblər.
Tədbirdə çıxış edən Baş konsul Recep Öztop bildirib ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyənin hər yerində olduğu kimi, Azərbaycanın da bölgələrində, o cümlədən Gəncə şəhərində bu bayram böyük coşqu ilə qeyd olunur.
Çıxış edənlər Türkiyə və Azərbaycanın tarixi bağlılığından söz açıblar. İki dövlət arasında olan qardaşlığın tarixi köklərə söykəndiyini qeyd ediblər.
Daha sonra konsert proqramı təqdim olunub. Uşaq İncəsənət Məktəbinin “Xəmsə” zərb alətləri ansamblının, “Gəncə qönçələri” rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblının, “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin, Gəncə Uşaq Evinin və şəhərin ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təqdimatında müxtəlif çıxışlar izlənilib. Tədbirdə iştirak edən bütün uşaqlara Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.
Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1924-cü ildə aprelin 23-nün bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.