“TÜRKSELL” BELARUS BAZARINA DAXİL OLUR
AZƏRTAC-ın xüsusi müxbiri Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin “Türksell” şirkəti “BeST” Qapalı Səhmdar Cəmiyyətinin səhmlərinin 80 faizini alacaqdır. Satıcı Belarus Dövlət Əmlak Komitəsi, alıcı “Beltel Telekomunikasyon Hizmetleri A.Ş.” şirkəti və təminatçısı “Türksell İletişim Hizmetleri A.Ş.”şirkəti Minskdə müvafiq alqı-satqı müqaviləsi imzalamışlar.
Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Nikolay Azamatov bu müqavilənin imzalanmasını şərh edərək bildirmişdir ki, Belarus tərəfi bu cür təklifləri dünyanın bir sıra ölkələrinin şirkətlərindən, o cümlədən “Türksell”dən almışdır. Bu şirkətin fəaliyyəti, xüsusən biznes və kommunikasiya sahəsində mütəxəssislər hazırlığının vəziyyəti təhlil ediləndən sonra seçim həmin operatorun xeyrinə edilmişdir.
N.Azamatov bildirmişdir ki, Belarus tərəfi “BeST” QSC-nin səhmlərinin 80 faizi üçün 600 milyon dollar alacaqdır, başqa sözlə, bu gün “BeST”in qiyməti 750 milyon dollara bərabərdir.
Komitə sədrinin sözlərinə görə, “Türksell” şəbəkənin inkişafına daha 400 milyon dollar sərmayə qoymaq niyyətindədir.
Məlum olduğu kimi, Türkiyənin aparıcı GSM-operatoru olan “Türksell” ölkə bazarının 57 faizinə nəzarət edir. Onun abonentlərinin sayı 35 milyon nəfərdir. “Türksell” Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın, Moldovanın, Ukraynanın və Şimali Kiprin GSM operatorlarında payçıdır.