REGİONLAR
Ulu Öndər dövlətimizin və xalqımızın hər bir uğurunda minnətdarlıq, sevgi ilə xatırlanır
Bakı, 21 aprel, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini böyük ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da Ümummilli Liderin əbədiyaşar xatirəsinə ithaf edilən çoxsaylı tədbirlər, konfranslar, görüşlər keçirilir. Ulu Öndərin böyük siyasi xadim və misilsiz şəxsiyyət olduğunu xatırladan A.Fərzəliyev bildirib ki, Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.
Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı dövrlərdə Azərbaycan geridə qalmış, yoxsul vəziyyətdə olan bir ölkə idi. Bildirilib ki, böyük enerji və təşəbbüskarlıqla işə başlayan Ümummilli Lider Azərbaycan iqtisadiyyatını böhrandan qurtarıb, bütün sahələrdə dönüş və dəyişikliklərə nail olub. Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycanı bir dövlət kimi məhv olmadan, kiçik xanlıqlara parçalanmadan qoruyub, onun gələcək sürətli və davamlı inkişafına möhkəm təməl yaradıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid Mayor Elşad Həsənovun həyat yoldaşı Oksana Həsənova, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov və Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədov Ümummilli Liderin Azərbaycanın tarixin bütün sınaqlarından üzüağ çıxarmasından, dövlətimizin inkişafı istiqamətində atdığı addımlardan danışıblar.