REGİONLAR
Ulu Öndər Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir
Daşkəsən, 9 may, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən Rayon Məhkəməsinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti rəhbərliyi, Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev, rayon icra hakimiyyətinin əməkdaşları, ədliyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərində abidəsi ziyarət olunaraq gül dəstələri düzülüb, xatirəsi yad olunub. Tədbir iştirakçıları, həmçinin Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan etməsi haqqında Sərəncamı mühüm siyasi qərar olmaqla ölkəmizin hər yerində və onun hüdudlarından kənarda bütün dünya azərbaycanlıları tərəfindən yüksək dəyərləndirilir, xalqımız tərəfindən dərin ehtiramla və minnətdarlıqla geniş qeyd olunur. Ölkəmizin bütün ərazi və bölgələrində olduğu kimi Daşkəsən rayonunda da təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif ictimai, siyasi, mədəni, humanitar, ekoloji və idman tədbirləri keçirilir.
Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev isə çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyalarının hər zaman geniş təbliği xalqımızın Heydər Əliyev siyasətinə olan sarsılmaz inamının və ehtiramının göstəricisidir.
Hakim Mustafa Mustafayev Ümummilli Liderin müəyyən etdiyi hərtərəfli inkişaf kursunun İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb, dahi Öndərin ideyalarının hərtərəfli və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da mühüm fəaliyyətini xüsusi qeyd edib.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinə qayğısından, müasir müstəqil Azərbaycanın məhkəmə hakimiyyətinin bərqərar olunmasındakı müstəsna rolundan danışıblar.