CƏMİYYƏT
Ulu öndər Heydər Əliyev səhiyyə işçilərinin fədakar əməyini həmişə yüksək qiymətləndirmişdir
Ağdaş, 17 iyun (AZƏRTAC). Ağdaş rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edənlər tibb sahəsində çalışanları peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, son illər tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı istiqamətində görülən işlərdən danışmışlar.
Qeyd edilmişdir ki, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi ulu öndər Heydər Əliyevin səhiyyə işçilərinə, onların fədakar əməyinə, eləcə də əhalinin sağlamlığına diqqət və qayğısının parlaq təzahürü kimi yaddaşlarda qalmışdır.
Natiqlər Azərbaycanın səhiyyə tarixinin inkişafını ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirmiş, onun uğurlu siyasəti nəticəsində hər bir sahədə olduğu kimi, səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini qeyd etmişlər.
Tədbirdə dövlətimizin başçısı İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıdan və bu qayğı nəticəsində son illər respublikamızda, eləcə də Ağdaş rayonunun səhiyyə sistemindəki inkişafdan razılıq hissi ilə danışılmışdır.