Ulu Öndər Heydər Əliyevin xatirəsi Belqradda anılıb
Belqrad, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhər meriyasının təmsilçiləri, müsəlman icmasının nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin və “AzVirt” şirkətinin üzvləri, eləcə də bu ölkədə çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə iştirakçılar “Taşmaydan” parkına gələrək, görkəmli siyasi xadim Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səfirliyin müşaviri Cavanşir Məcidov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında, müstəqil dövlət quruculuğunda əvəzsiz xidmətlərindən bəhs edib. C.Məcidov ölkəmizdə milli birlik və azərbaycançılıq ideyasına söykənən müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu diqqətə çatdırıb, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Anım mərasimində iştirak edən Serbiya Müftiliyinin nümayəndəsi Ümummilli Liderin ruhuna dualar oxuyub.
Sonda iştirakçılara səfirlik tərəfindən serb dilinə tərcümə olunaraq nəşr etdirilmiş “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Ulu Öndərə həsr olunan kitab və “Dünya liderləri Heydər Əliyev haqqında” kitabçası təqdim edilib.
Azərbaycanın Bosniya və Herseqovinada və Monteneqroda diplomatik nümayəndəlikləri tərəfindən də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad