Ulu öndər Heydər Əliyevin xatirəsi Siyasi Sənədlər Arxivində yad olunub






Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində müstəqil, müasir Azərbaycanın banisi, ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Siyasi Sənədlər Arxivi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Ulu Öndərin şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi kitabların sərgisi ilə tanış olan qonalar Heydər Əliyevdən bəhs edən filmi izləyiblər.
Tədbirdə Siyasi Sənədlər Arxivinin direktoru vəzifəsini icra edən Elmira Ələkbərova çıxış edərək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova Ulu Öndərin kitaba olan sevgisindən, kitabxanaya diqqətindən və Milli Kitabxanaya etdiyi səfərlərdən söz açıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ümummilli Liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edib.
Tədbir Bakı Humanitar Kolleci və 26 nömrəli musiqi məktəbinin hazırladığı “Ulu öndər” adlı bədii kompozisiya ilə davam edib.