REGİONLAR
Ulu Öndər xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində müstəsna rol oynayıb
![Ulu Öndər xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində müstəsna rol oynayıb](/files/2022/3/1200x630/16706990892244429851_1200x630.jpg)
Yevlax, 10 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində özünəməxsus yer tutan nadir şəxsiyyət olduğunu bildirib. O deyib: “Bəşər tarixində tək-tək nəhəng şəxsiyyətlər olub ki, bütün həyatını xalqına qurban verib. Onlar öz fəaliyyətləri ilə vətənin tarixini yazmağı bacarıblar. Xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələrini yenidən dirçəldən məhz Ümummilli Lider Heydər Əliyev olub. Vətən müharibəsində qazandığımız parlaq Qələbə, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzu, ictimai-siyasi, sosial-iqtisadi və digər bütün sahələrdə əldə olunan nailiyyətlər onu göstərir ki, Ulu Öndərin uzun illərə hesablanmış uzaqgörən siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nə qədər Azərbaycan var, Heydər Əliyev ideyaları daim yaşayacaq, bizi daha xoşbəxt gələcəyə qovuşduracaq”.
Tədbirdə çıxış edənlər xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, milli özünəqayıdış və özünüdərkin başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət ölkə həyatını tamamilə müasirləşdirib. Ümummilli Lider Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev isə Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.