Ulu Öndərin anım günü ilə əlaqədar Qaxda ağacəkmə aksiyası keçirilib
Qax, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən bu böyük insan bütün şüurlu həyatını öz xalqına həsr edib, yolumuz önündə işıq saçan məşələ çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on yeddinci ildönümü Qax rayonunda da dərin hörmət və ehtiramla yad edilib.
Ulu Öndərin anım günü ilə əlaqədar dekabrın 12-də Qax şəhərində ağacəkmə aksiyası keçirilib. Qax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə keçirilən aksiyadan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən aksiya zamanı Qax şəhərinin Sahil parkında, həmçinin yol kənarlarında 250-dək ağac əkilib. Yeni əkilən tinglərə aqrotexniki qaydada qulluq edilib.
Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təmsilçiləri, gənc könüllülər, həmçinin idarə və müəssisələrin nümayəndələri yaxından iştirak edərək Ulu Öndərin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.