Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına qayğı göstərilib
Bakı, 10 may, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən elan olunan “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib.
Milli Şuradan AZƏRTAC-a bildiriblər ki, 2023-cü il üçün Gənclər paytaxtı Mingəçevir şəhərində keçirilən ARGTMŞ üzvlərinin Məclisi bu tədbirlərdən biridir.
Proqram çərçivəsində məclisdə çıxış edən ARGTMŞ-nin sədri Azər Əliyev əvvəlcə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti haqqında məlumat verərək hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini xüsusilə vurğulayıb.
Məclis çərçivəsində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin iştirakı ilə “Dövlət gənclər siyasətinin həyata keçirilməsində Heydər Əliyev ideologiyası və irsi” mövzusunda görüş keçirilib.
Məclisin davamı olaraq İdarə Heyətimizin üzvləri Nail Şükürov və Dinara Bayramlı tərəfindən “Gənclər təşkilatlarında səmərəli idarəetmə: mövcud imkanlar və çətinliklər”, Sağlam Düşüncə Gənclər Təşkilatının həmtəsisçisi Ramiz Əliyev və təşkilatın sədri Sevinc Qasımova tərəfindən isə “Erasmus+Youth və European Solidarity Corps mövzularında vörkşoplar baş tutub. Həmçinin Heydər Əliyev Mərkəzinə və Mingəçevir Gənclər Evinə infotur təşkil edilib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda bütün sahələrdə olduğu kimi idmanın və bədən tərbiyəsinin inkişafına qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Bu məqamlar nəzərə alınaraq Milli Şura tərəfindən gənclər təşkilatları arasında minifutbol çempionatına start verilib. Yarış ümumilikdə 16 gənclər təşkilatının iştirakı ilə keçirilib.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi ilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti fəaliyyət olaraq gənclər təşkilatları arasında intellektual yarış keçirilib. Səkkiz gənclər təşkilatının iştirak etdiyi oyunda komandalar Heydər Əliyev irsi, tarix, İkinci Qarabağ müharibəsi, ümumi dünyagörüşü ilə bağlı suallara cavab tapmağa çalışıblar. İki mərhələdən ibarət olan yarışda Böyük Qayıdış Gənclər Təşkilatı birinci yerə çıxaraq kubokla mükafatlandırılıb. Cavan Gənclər Hərəkatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi müvafiq olaraq ikinci və üçüncü yerləri öz aralarında bölüblər.
Həmçinin digər bir fəaliyyət olaraq gənclər təşkilatlarının nümayəndələrinin qanvermə aksiyası keçirilib. Aksiyada 30-dan çox gənclər təşkilatının rəhbər və nümayəndəsi iştirak edib.
Xüsusi vurğulayaq ki, mayın 10-da yüzlərlə gəncin iştirakı ilə Fəxri xiyabana ziyarət təşkil olunub, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, məclisin yekun qərarına uyğun olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin sayı 150-ə çatıb.