Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Abşeron rayonunda qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, onu əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron Rayon Ağsaqqallar Şurası və Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri, Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız üçün misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, müstəqil, suveren və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bugünkü qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız çox böyük tarixi uğurlar qazanıb. Vətən müharibəsində əldə olunan şanlı qələbə, erməni işğalına son verilməsi, suverenliyimizin tam bərqərar olması və soydaşlarımızın öz yurdlarına qayıtması Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olub.
Tədbirin sonunda incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub.