Ümummilli lider Heydər Əliyev milli hərbi kadrların hazırlığı məsələsinə daim xüsusi diqqət göstərib
Gəncə, 6 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Qarnizonu Hərbi Prokurorluğunun və qarnizon rəhbərliyinin birgə təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Qarnizonu Zabitlər Evində Silahlı Qüvvələrin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində Azərbaycanda milli hərbi kadrların hazırlanması və müasir ordunun formalaşdırılması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edilib.
Qarnizonun şəxsi heyəti əvvəlcə Ümummilli Lider həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olub.
Tədbirdə Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında və inkişaf etdirilməsində müstəsna xidmətləri xatırlanıb.
Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehdiyev bildirib ki, Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri arasında Azərbaycan Ordusunun formalaşması və inkişafı xüsusi yer tutur. Müstəqilliyin qorunmasında və ərazi bütövlüyünün təmin olunmasında ordunun həyati əhəmiyyətini nəzərə alan dahi rəhbər bu sahəyə daim böyük diqqət yetirib.
Polkovnik-leytenant Rasim Manafov Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb, müstəqil Azərbaycan Ordusunun bugünkü qüdrətindən söz açıb.
Diqqətə çatdırılıb ki, hələ keçmiş sovet dövründə də Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət ordu quruculuğu və milli hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Bu gün Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.