ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ İDMAN YARIŞLARI
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş idman yarışlarının açılış mərasimi keçirilmişdir.
Öncə tədbir iştirakçıları ulu öndərimiz Heydər Əliyevin universitetdəki abidəsinin önünə gül dəstələri düzmüş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov çıxış edərək, dünya şöhrətli siyasətçi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki, universitetdə Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bügünkü yarış isə bu silsilədən olan növbəti tədbirdir.
Ümummilli liderimizin idmanın inkişafına daim böyük önəm verdiyini, gənclərə xüsusi diqqət və qayğı göstərdiyini bildirən rektor, dahi rəhbərimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, bugünkü idman yarışlarında 80 nəfər professor və müəllim, tələbələrdən isə 100 nəfər iştirak edəcəkdir.
Sonra idmanın şahmat, nərd, dama və voleybol növləri üzrə yarışlara start verilmişdir.
Aprelin 18-də başa çatacaq turnirin qalibləri mükafatlandırılacaqlar.