SİYASƏT
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının prezidenti, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Direktorlar Şurasının sədri Əhməd Məhəmməd Əlinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-də Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmış, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də gül dəstələri düzülmüşdür.
Qonaqlar Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Onlar buradan Bakının mənzərəsini seyr etmişlər.
İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli jurnalistlərə bildirmişdir ki, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən yaradılmışdır. İyunun 13-də Bakıda korporasiyanın ilk investisiya konfransı keçiriləcəkdir .
Tədbirdə bir çox ölkələrdən müxtəlif xarici sərmayədarların da iştirak edəcəyini deyən İslam İnkişaf Bankının prezidenti bildirmişdir ki, bu tədbirin məqsədi şirkətin kapitalının artırılmasına yardım etməkdir.
İqtisadi inkişaf naziri Heydər Babayev vurğulamışdır ki, ölkəmizin İslam İnkişaf Bankı ilə əməkdaşlığı ən yüksək səviyyəyə çatmışdır. Nazir demişdir ki, sabah keçiriləcək konfransdan sonra Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nizamnamə kapitalı artacaq və bunun da nəticəsində özəl sektordakı bir çox qurumlara dəstək veriləcəkdir.
######