Uşaq evlərində “Anka” sosial reabilitasiya proqramına başlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində “Anka” sosial reabilitasiya proqramının icrasına başlanıb.
Bu barədə AZƏRTAC- a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sosial Xidmətlər Agentliyinin 6 uşaq evi və 2 ailə tipli kiçik qrup evində icrasına başlanan sosial reabilitasiya proqramının məqsədi müəssisələrdə yaşayan uşaqların potensialının üzə çıxarılması, onların sosial adaptasiya imkanlarının genişləndirilməsi və gələcək həyat bacarıqlarının formalaşdırılmasıdır.
“Anka” sosial reabilitasiya proqramı çərçivəsində artıq bu kateqoriyadan olan 377 uşağın ehtiyac və risklərinin kompleks qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq uşaqların sosial-psixoloji vəziyyəti, inkişaf səviyyəsi və fərdi ehtiyacları müəyyən edilib.
İlkin mərhələdə 63 uşaq sosial bacarıqlarının inkişafı, psixoloji rifahının gücləndirilməsi və cəmiyyətə daha uğurlu inteqrasiyası məqsədilə xüsusi hazırlanmış qrup fəaliyyətlərinə cəlb olunub. Növbəti mərhələdə isə daha 314 uşağın qrup fəaliyyətlərinə cəlb edilməsi nəzərdə tutulur.