Uşaq İncəsənət Festivalı: Balakəndə birinci mərhələdə iştirak etmək üçün 174 nəfər qeydiyyatdan keçib
Balakən, 23 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə seçimlər Balakən rayonunda da davam edir.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festivalın birinci mərhələsində iştirak etmək üçün rayon üzrə ümumilikdə 174 nəfər qeydiyyatdan keçib. Seçim turları Uşaq İncəsənət Məktəbində təşkil olunub. Festivalın seçim mərhələsinin ilk üç günündə 56 iştirakçı müxtəlif nominasiyalar üzrə istedadını nümayiş etdirib. Növbəti günlərdə milli rəqs, klassik simli alətlər, xalq çalğı alətləri, piano, qarmon ifaçılığı və digər nominasiyalar üzrə seçimlər olacaq.
Festivalın Balakən rayonu üzrə seçim mərhələsi aprelin 29-dək davam edəcək.