Uşaqlara olan dövlət qayğısı: heç kəs tək deyil...
Bakı, 20 avqust, AZƏRTAC
Ölkəmizdə valideyn himayəsindən məhrum və aztəminatlı ailədən olan uşaqlara dövlət qayğısı ildən-ilə artır. Həmin təbəqədən olanların sosial vəziyyətini yaxşılaşdırmaq həmişə diqqət mərkəzində dayanır.
AZƏRTAC xəbər verir ki, bu il iyunun 1-dək valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilib.
Bu il iyunun 1-dək şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 7,3 min ailəsindən 11,9 min uşaq üçün aylıq müavinət verilib. Bundan başqa, 1404 nəfər bir yaşınadək uşağı olan 1382 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,2 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 341 şəxsə kompensasiya ödənilib. Bu ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,2 min nəfərə birdəfəlik müavinətlər verilib.
2021-ci il iyulun 1-dək 62 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və bir nəfərə düşən orta aylıq məbləğ 60,06 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 296,8 min nəfərə Prezidentin təqaüdü təyin olunub.