UŞAQLARIN HÜQUQLARI İLƏ BAĞLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, şahzadə Hannoverli Kerolaynın sədrliyi ilə keçən konfransın açılış mərasimində Monako Knyazlığının Dövlət naziri Jan-Paul Proust, Avropa Şurası baş katibinin müavini xanım Mod de Byer-Bukikio çıxış edərək, regionda uşaqların problemlərinin həllinin və onların hüquqlarının həyata keçirilməsinin vacibliyindən, Avropa Şurasının bu sahədəki fəaliyyətindən və görüləcək işlərdən söz açmışlar.
Plenar iclasda şahzadə H.Kerolayn, AŞ rəsmiləri və bu qurumun İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberq bəyanatlarla çıxış etmiş, YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə regional direktoru xanım Maria Kalivis və Avropa Ombudsmanları Şəbəkəsinin prezidenti Pavel Yaros konfrans iştirakçılarına müraciət edərək, uşaqların problemlərinin həlli naminə səylərin birləşdirilməsinin vacibliyini vurğulamışlar.
Sonra Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında əldə olunmuş razılığa əsasən qəbul edilmiş eyniadlı üçillik proqramın təqdimatı keçirilmişdir.
Tanınmış beynəlxalq ekspertlər, hüquq mütəxəssisləri, Avropa Şurasına üzv ölkələrin müvafiq qurumlarının təmsilçiləri, BMT rəsmiləri və digər natiqlər uşaq hüquqlarının təbliği və maarifləndirmə sahəsində Avropa strategiyası, uşaqların öz problemlərinin həllində iştirakı, onlara qarşı zorakılıqla, cinsi zorakılıqla mübarizə və fiziki cəzalandırma mövzularına dair çıxış etmiş, mövcud problemlərin həlli yolları ilə bağlı təkliflər vermişlər.