Üzeyir Hacıbəylinin doğum günü Şuşadakı ev-muzeyində qeyd olunub VİDEO
Şuşa, 18 sentyabr, AZƏRTAC
Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoymuş, milli bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü doğma Şuşada – böyük şəxsiyyətin ev-muzeyində qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə əvvəlcə Üzeyir Hacıbəylinin güllələnmiş büstünün və tut bağındakı heykəlinin önünə gül dəstələri düzülüb, dahi bəstəkarın əziz xatirəsi ehtiramla yad edilib. Sonra Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, Qarabağ Universitetinin nümayəndələri, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, şəhər sakinləri iştirak ediblər.
Tədbirdə Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətlərindən, milli musiqi məktəbinin formalaşmasında müstəsna rolundan, zəngin yaradıcılıq irsinin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilməsindən bəhs edilib. Dahi bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri və rəqslər təqdim olunub. Şuşanın istedadlı gəncləri Ləman Təhməzzadə, Emin Məmmədli, Sədaqət Məmmədova və Məcid Məmmədovun ifaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Müxbir – Tahir Ağaməmmədov