Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın bərabərhüquqlu tərəfdaşlığını sübut edir - RƏY
Bakı, 9 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-də ABŞ-yə səfəri, Vaşinqtonda imzalanmış sənədlər və Azərbaycan-ABŞ münasibətlərində gəlinən nöqtə dövlətimizin xarici siyasət strategiyasının təbii nəticəsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm Cənubi Qafqazda, həm beynəlxalq münasibətlər sistemində, həm də ABŞ ilə əlaqələrdə hər zaman bu prinsipləri əsas tutub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı səsləndirib.
Ekspert bildirib ki, bu prinsiplər ilk növbədə bərabərhüquqlu tərəfdaşlığı özündə ehtiva edir: " Yəni birinin digərinə xüsusi üstünlüyü yox, birinin digərinə təzyiq göstərməsi yox, məhz bərabər hüquqlu münasibətlər nəzərdə tutulmalıdır. İkincisi sülh və əməkdaşlığı daim ön plana çıxarıb.
Həm Cənubi Qafqaz regionunda, həm qlobal miqyasda Azərbaycan çalışıb ki, daha çox münaqişələrin həllinə töhfə verən tərəf olsun, sülh və əməkdaşlığı ön plana çıxarsın. Amma bu sülh və əməkdaşlıq hansısa dövlətin xüsusi üstünlüyünə, gücünə yox, beynəlxalq hüquqa əsaslanmalıdır, ədalətə əsaslanmalıdır.
Elə məqamlar olub ki, istər Ermənistanın xüsusi siyasəti, istərsə də ABŞ-də bəzi prezidentlərin hakimiyyəti dövründə ikitərəfli və çoxtərəfli münasibətlərdə bu prinsiplər deyil, digər məqamlar önə çəkilib. Onlar təbii olaraq Azərbaycanın haqlı etirazı, reaksiyası və müqaviməti ilə qarşılaşıblar. Azərbaycan həm Cənubi Qafqazda sülhü və tarixi ədaləti bərpa edən, həm də ikitərəfli, çoxtərəfli münasibətlərdə, eləcə də regional və beynəlxalq təşkilatlarla əlaqələrdə beynəlxalq hüquqa əsaslanan sülhü, ədaləti və əməkdaşlığı üstün tutan yanaşmasını qəbul etdirib. Bir il öncə Vaşinqtonda imzalanan sənədlər də bunun əyani sübutudur”.
A.Aslanlı bildirib ki, sözügedən siyasətin təməlləri Azərbaycanın müstəqilliyinin ilk illərində atılıb, xüsusilə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun tətbiqi diqqətəlayiqdir: "Prezident İlham Əliyevin bu balanslaşdırılmış xarici siyasət kursunu daha yüksək səviyyəyə daşıması bunun əyani sübutudur. Azərbaycanın heç bir təzyiqi qəbul etməməsi, əksinə, beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini tərəf-müqabillərinə qəbul etdirməsi bu uğurlu strategiyanın düzgün formalaşdırılması və tətbiq olunmasının nəticəsidir".