Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında memorandum imzalanıb
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) ilə “PAŞA Holding” arasında "LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi VK-nın Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə tədbirində baş tutub.
Sənəd hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsinin qarşılıqlı əlaqələndirilməsi, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkili və həyata keçirilməsi, müxtəlif qanunvericilik sahələri üzrə informasiya mübadiləsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Kollegiyanın sədri Anar Bağırov çıxış zamanı bildirib ki, VK-nın son illərdə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə genişlənir, müxtəlif qurumlarla tərəfdaşlıq münasibətləri qurulur. Bildirilib ki, “PAŞA Holding”lə “LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair memorandumun imzalanması tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. VK ilə “PAŞA Bank” arasında daha əvvəl imzalanmış əməkdaşlıq memorandumuna da toxunan sədr həmin tərəfdaşlığı yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən “PAŞA Holding”in Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri Aytac Qasımova Kollegiya ilə əməkdaşlığa dair memorandumun imzalanmasını çox müsbət qiymətləndirərək bunun hüquq sahəsində institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu cür əməkdaşlıq hüquq sahəsində müasir yanaşmaların tətbiqinə, peşəkar hüquqi mühitin inkişafına və hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək. Kollegiya ilə qurulan əməkdaşlıq çərçivəsində həyata keçiriləcək təşəbbüslər hüquq sahəsində dayanıqlı və faydalı nəticələrin əldə olunmasına imkan verəcək.