Vəkillər Kollegiyasının İxtisas komissiyasının sədri: İmtahanda şəffaflığa xüsusi diqqət ayrılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı təşkil olunmuş növbəti ixtisas imtahanları iki mərhələli olaraq şifahi və yazılı hissədən ibarətdir. Üçüncü mərhələ isə təlim-tədris şəklində Ədliyyə Nazirliyinin Akademiyasında təşkil olunacaq. Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında 294 nəfər iştirak edir. Vəkillər Kollegiyasının Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi imtahanda şəffaflığa xüsusi diqqət ayrılıb.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Vəkillər Kollegiyasının İxtisas komissiyasının sədri Turqay Hüseynov bildirib.
O qeyd edib ki, birinci mərhələ şifahi test imtahanıdır. İkinci mərhələ tərkibində 5 vəkil, 3 hakim və 3 alim olmaqla Vəkillər Kollegiyasının 11 nəfərdən ibarət İxtisas komissiyası tərəfindən həyata keçirilir: “Biz həmin mərhələnin şəffaflığını təmin etmək məqsədilə namizədin razılığını almaqla videoçəkiliş aparırıq. Bunu gələcəkdə imtahanla bağlı hər hansı problem yaranarsa videoçəkiliş vasitəsilə onu aşkarlamaq məqsədilə edirik. Şifahi imtahan mərhələsindəki sualları formalaşdırarkən dəyərləndirilən müəyyən meyarlar nəzərə alınır. Çünki ikinci mərhələdə əsas məqsəd namizədlərin peşə yararlığını müəyyən etməkdir. Bunu üçün onların bilik səviyyəsi, məntiqi nəticə çıxarmaq qabiliyyəti, həm də hüquq sahəsində dünyagörüşü yoxlanılır. Həmin üç meyarla biz namizədlərin peşəyə yararlığını müəyyənləşdirəcək və buna uyğun müvafiq qərar verəcəyik. Orada da müsbət nəticə əldə olunduqda namizədlər üçün Ədliyyə Nazirliyinin Akademiyası ilə birgə bir aylıq kurs təşkil olunacaq. Yalnız müvafiq kursu keçən və imtahan nəticələri uğurla olan namizədlər üçüncü mərhələ olan andiçməyə buraxılacaqlar”.