Vəkillər Kollegiyasının sədri Polşada vəkillik peşəsinin müstəqilliyinin təminatları barədə çıxış edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) dəvəti ilə Polşanın paytaxtı Varşavada səfərdə olub.
VK-dan AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının təsis edilməsinin 40 illiyi münasibətilə “Avropada və onun hüdudlarından kənarda hüquq peşəsində həmrəyliyin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Açılış nitqi ilə çıxış edən Polşanın ədliyyə naziri Valdemar Zurek tədbirin hüquq peşəsi nümayəndələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
VK-nın sədri Anar Bağırov panel müzakirələri zamanı “Vəkillik peşəsinin müstəqilliyinin təminatları” mövzusunda çıxış edib.
Anar Bağırov vəkillik peşəsinin müstəqilliyinin hüququn aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə araşdırmasının əsas təminatlarından biri olduğunu vurğulayıb. Qeyd edilib ki, vəkillər peşə fəaliyyətlərini hər hansı təzyiq və müdaxilədən azad şəkildə, yalnız qanunun və peşə etikası normalarının tələblərinə uyğun həyata keçirməlidirlər. Vəkilliyin müstəqilliyinin təmin olunmasında qanunvericilik təminatları, peşə özünüidarəetməsi və maliyyə müstəqilliyi mühüm rol oynayır.
Sədr müstəqilliyin, eyni zamanda, yüksək peşəkar və etik məsuliyyət tələb etdiyini diqqətə çatdırıb. Hər bir vəkil öz fəaliyyətində maraqlar toqquşmasından çəkinməli, peşə müstəqilliyini və ictimai etimadı qoruyan davranış nümayiş etdirməlidir.
Həmçinin Anar Bağırov bildirib ki, Azərbaycanda vəkillərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla institusional dialoq davam etdirilir. Beynəlxalq təcrübə və peşəkar standartların öyrənilməsi də milli qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verir.
Sədr çıxışında müasir dövrdə rəqəmsallaşma, süni intellekt, məlumatların qorunması və kibertəhlükəsizlik kimi yeni çağırışların vəkillik peşəsinə təsirlərinə də toxunub. Vurğulanıb ki, texnologiyalar və hüquqi xidmətlərin göstərilməsi üsulları dəyişsə də, vəkilliyin müstəqilliyi dəyişməz fundamental prinsip olaraq qalmalıdır.
Səfər çərçivəsində VK-nın nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Eyni zamanda, Anar Bağırov Polşa Milli Vəkillər Şurasının prezidenti Vlodzimierz Kroşçikə xatirə hədiyyəsi təqdim edib.
Tədbirin sonunda iştirakçıların şərəfinə rəsmi ziyafət təşkil olunub, həmçinin şəhər üzrə ekskursiya keçirilib.