Vergi Məcəlləsinə dəyişikliklər investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir – Ekspert rəyi
Bakı, 30 iyul, AZƏRTAC
Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödənişlərinin daha çevik həyata keçirilməsinə, sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və biznesin stimullaşdırılmasına xidmət edir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli bildirib.
“Əvvəllər sahibkarlar ƏDV depozit hesabında olan vəsaitdən yalnız ƏDV öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edə bilirdilər. Bəzən sahibkarın digər vergi və ya məcburi ödənişləri yerinə yetirmək üçün vəsaiti olmurdu, halbuki ƏDV depozit hesabında kifayət qədər məbləğ qalırdı. Mövcud qaydalara əsasən, həmin vəsaiti başqa məqsədlərə yönəltmək mümkün deyildi. Məsələn, sahibkar xaricdən xammal idxal edərkən onun ƏDV-sini əvvəlcədən ödəyir. Daha sonra həmin xammaldan istehsal olunan məhsulu satarkən hesablanan ƏDV ilə idxal zamanı ödənilmiş ƏDV əvəzləşdirilir. Nəticədə ƏDV depozit hesabında müəyyən vəsait qala bilərdi. Lakin həmin vəsaitdən yalnız ƏDV öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə etmək mümkün idi”, - deyə o qeyd edib.
Ekspert bildirib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 4 il müddətinə ƏDV depozit hesabında olan vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün də istifadə edilə biləcək. Bu dəyişiklik sahibkarlara maliyyə vəsaitlərini daha çevik idarə etmək imkanı yaradır. Beləliklə, sahibkarlar maliyyə çətinliyi yarandıqda əlavə vəsait cəlb etmədən ƏDV depozit hesabındakı mövcud məbləği sosial sığorta ödənişlərinin icrasına yönəldə biləcəklər. Bu isə onların likvidlik vəziyyətini yaxşılaşdıracaq və sahibkarlıq fəaliyyətinin davamlılığına müsbət təsir göstərəcək.