Vergitutma obyektlərinin bərabərləşdirilməsi siyasəti həyata keçiriləcək
Bakı, 3 noyabr, AZƏRTAC
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi vergi bazasının genişləndirilməsi və ofşor zonalarda aparılan əməliyyatları əhatə edən vergi nəzarətinin gücləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi), habelə sosial dəstək çərçivəsində bank sektorunun, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, kölgə iqtisadiyyatına qarşı mübarizə çərçivəsində vergidən yayınma hallarının qarşısının alınması, vergi borclarının yığılmasının səmərəliliyinin artırılması məqsədilə inzibatçılığın gücləndirilməsi, habelə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmiləşdirilməsi kimi istiqamətləri əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin idarə rəisi Nicat İmanov deyib.
O bildirib ki, ilk olaraq aksizli məhsulların dərəcələrində artım olacaq. Məhz zərərli məhsullar üzrə istehlakın azaldılması üçün nəzərdə tutulan addımlardan biri də vergilərin artırılması ilə bağlıdır. Məcəllədə edilən dəyişikliklərdə alkoqollu içkilər üzrə və tütün məhsullarında artım nəzərdə tutulur. Digər tərəfdən, ölkənin ekoloji mühitinin qorunmasında mühərrikinin həcmi 3000 kubmetrdən yuxarı olan avtomobillərin də aksiz dərəcələrində artım təklif olunur. Eyni zamanda, istismar müddəti uzun olan avtomobillərin də aksiz dərəcələrinə yüksəldici əmsalların tətbiqi nəzərdə tutulur. Digər dəyişiklik istiqaməti mədən vergisinə cəlb edilən gips və gəc məhsulları ilə bağlıdır. Sement və xammal üçün tətbiq edilən aksiz dərəcəsinin gipsə və gəcə də tətbiq edilməsi nəzərdə tutulur. Mədən vergisi üzrə vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. Gələcəkdə vergitutma obyektlərinin bərabərləşdirilməsi siyasəti də həyata keçiriləcək.