Vətən müharibəsi AZƏRTAC-ın fotomüxbirinin gözü ilə
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində Zəfərinin bir ili qeyd olunacaq. Bu münasibətlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi bir sıra tədbirlər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu tədbirlərindən biri də tanınmış azərbaycanlı fotoqraf, AZƏRTAC-ın müxbiri Tofiq Babayevin noyabrın 5-də Bakı Fotoqrafiya Evində açılmış “Cəbhədən xəbərlər” adlı fərdi sərgisi olub. Sərgidə həm Vətən müharibəsi illərində, həm də hərbi əməliyyatlar başa çatdıqdan sonra çəkilmiş 18 fotoşəkil nümayiş etdirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sərgini açaraq Tofiq Babayev bu tarixi hadisələrin şahidi olduğu şərəfli günlərdən danışıb, xatirələrini bölüşüb. O, Azərbaycanın igid hərbçilərinin torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə ölümə getməyə hazır olduqlarını, dinc sakinlərin isə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumlarına baxmayaraq, ordumuzdan dayanmamağı və sona kimi getməyi xahiş etdiklərini qeyd edib.
Sonra Azərbaycan Ordusunun əsgər və zabitlərini, şəhərlərimizi, erməni təcavüzünün qurbanı olmuş dinc əhalini əks etdirən fotoşəkillərdən ibarət slayd-şou göstərilib. Sərgidə Qarabağ bölgəsinin əzəmətli təbiətini nümayiş etdirən kadrlar da yer alıb.
Fotoqraf xüsusi vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarda gördüyü dağıntılar heç cür izah oluna bilməz: “Təkcə evlər və tarixi-dini abidələr dağıdılmayıb, hətta məzar daşlarında da güllə izləri görünür. Bu, əsl vandalizmdir”.
Sonra T.Babayev qonaqların və jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, sərgi noyabrın 10-dək davam edəcək.