Vətən müharibəsi əlili: Yeni mənzil həyata açılan yeni səhifə kimidir
Bakı, 10 may, AZƏRTAC
Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğı, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Vətən müharibəsinin qazisi kimi mən də öz həyatımda həmin qayğını hiss edirəm. Ötən il “Xəzər” markalı minik avtomobili ilə təmin olunmuşam. “YAŞAT” Fondu tərəfindən mənə üç dəfə maddi yardım göstərilib. Qazax Rayon İcra Hakimiyyəti müalicə xərclərimin ödənilməsi və lazımi dava-dərmanla təchiz olunmağım üçün öz köməyini əsirgəməyib. Bu gün ikiotaqlı mənzillə təmin olunmağım bunun daha bir bariz nümunəsidir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində mənzillə təmin edilən Vətən müharibəsi əlili Kərim Əliyev bu barədə AZƏRTAC-ın müxbirinə deyib.
Daxili Qoşunların hərbi qulluqçusu Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi uğrunda döyüşlərə qoşulub. Cəbrayıl rayonunun kəndlərinin düşmən işğalından azad edilməsində iştirak edən döyüşçü Hadrut, Xocavənd və Şuşa uğrunda döyüşlərdə də iştirak edib. Noyabrın 7-də Şuşada başından ağır yara alan Kərim Vətənin azad olunması üçün öz sağlamlığını belə əsirgəməyib. O, döyüş meydanında göstərdiyi igidliyə görə “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub. Müharibədən sonra müxtəlif şəfa ocaqlarında dəfələrlə müalicə olunub.
Hazırda Mərdəkan Reabilitasiya Mərkəzində müalicəsini davam etdirəm Kərim lap yaxın günlərdə kirayə həyatına əlvida deyəcək: “Bu gün Hövsan Yaşayış Kompleksində mənə iki otaqlı mənzilin sənədləri təqdim olundu. Bu, çox sevindiricidir. Ulu Öndərin ad günündə aldığım bu hədiyyə ailəmizdə hamının sevincinə səbəb olub. Yeni mənzil həyata açılan yeni səhifə kimidir. Lap yaxın günlərdə həyat yoldaşım və 6 yaşlı qızım Fidanla yeni aldığımız mənzilə köçəcəyik”.