CƏMİYYƏT
Vətən müharibəsi şəhidi çavuş Orxan Cumayevin ailəsi ziyarət edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov şəhid Orxan Cumayevin Zaqatalada yaşayan ailəsini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin sədri şəhidin ailə üzvləri ilə həmsöhbət olub və onun keçdiyi şərəfli döyüş yolu və hərbi əməliyyatlar zamanı göstərdiyi igidliklər barədə geniş məlumat verilib.
V. Behbudov ailənin sosial şəraiti ilə də yaxından maraqlanıb və onların dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
Qeyd edək ki, Milli Ordunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Orxan Cumayev Vətən müharibəsinin ilk günlərindən döyüşlərin iştirakçısı olub və oktyabrın 30-da Murov dağı istiqamətində aparılan hərbi əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.