Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi qəhrəmanları şəhid baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir Novruzov Amin Tacəddin oğlunun boya-başa çatdıqları rayonlarda keçirilmiş anım mərasimlərində DSX-nin rəsmiləri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül çələngi qoyublar.
Anım tədbirinə qatılanlar Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanan Şahin Allahyarovun Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyi, Hadrut qəsəbəsinin azad olunmasında xüsusi ilə fərqləndiyi, Şuşa şəhərinin azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olduğu diqqətə çatdırılıb.
Baş gizir Şahin Allahyarovun döyüş şücaətinin dövlətimizin yüksək qiymətləndirdiyi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adının verildiyi, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanıb.
Şəhid kiçik gizir Amin Novruzovun anım mərasimində onun Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdiyi, Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan rayonunda Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsi döyüşlərində şücaətlə vuruşduğu qeyd olunub. Düşmənin əks-hücumunun qarşısını alarkən ağır güllə yarası alan Aminin “...düşünməyin ki, mən ölümdən qorxuram. Yox, əgər sağ qalsam yenidən bu Vətən üçün döyüşməyə gələcəyəm. Yox, əgər şəhid olsam Vətən sağ olsun” deyərək əbədiyyətə qovuşduğu vurğulanıb.
Kiçik gizir Novruzov Amin Tacəddin oğluna döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə ölümündən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adının verildiyi, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanıb.
Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman ehtiramla anılacağı, onların qoyduğu qəhrəmanlıq mirasının gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daim uca tutulacağı qeyd edilib.
Tədbirlərdə şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.