Vətən müharibəsində qazanılmış Zəfər xalqımızın tarixindəki qələbələrin ən uca zirvəsində dayanır
Bakı, 7 noyabr, AZƏRTAC
Ötən ilin bu günlərində Azərbaycan xalqı ən sevincli günlərini yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət və ordumuzun şücaəti nəticəsində Azərbaycan Vətən müharibəsində böyük Zəfər qazandı. Ümumxalq birliyinin, həmrəyliyinin nəticəsi olan bu Zəfər tariximizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazıldı. Azərbaycanın möhtəşəm Qələbəsi xalqımızın müqəddəs arzusunu - 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azad olunmasını gerçəkləşdirdi.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi əks-hücum əməliyyatının başladığı ilk andan hadisələri diqqətdə saxladı, ordumuza bütün gərəkli göstəriş və əmrləri verdi. Prezidentin bəyan etdiyi kimi, Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü, öz qüdrəti ilə azad etməyə qadirdir.
N.Qəhrəmanova vurğulayıb ki, 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızın azad edilməsi xalqımızın tarixindəki qələbələrin ən uca zirvəsində dayanır. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın Prezidentimizin ətrafında bir yumruq kimi birləşməsi nəticəsində qazanılan Zəfər millətimizin əbədi iftixarıdır. Bu Qələbə Azərbaycan xalqının bütün ruhunu dəyişdi, vüqarını artırdı, başını uca etdi, xalqımızın milli ləyaqət hissini daha yüksək mərtəbəyə qaldırdı. Böyük Zəfərimiz Azərbaycan xalqının vətənpərvərliyini, doğma yurd sevgisini, qeyrətini, qəhrəmanlığını nümayiş etdirdi, milli qürurunu daha da yüksəltdi. Bu Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin əhəmiyyətini, böyük sərkərdəlik məharətini bir daha dünyaya göstərdi. Ermənilər tərəfindən yerlə-yeksan edilmiş kənd və şəhərlərimizdə artıq geniş quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilmiş ərazilərimizdə müxtəlif infrastruktur obyektlərinin təməli qoyulur, əhəmiyyətli layihələr reallaşdırılır. Bölgənin yenidən qurulması uzun müddət və böyük maliyyə vəsaitləri tələb edən proses olsa da, Azərbaycan bu istiqamətdə qətiyyətli addımlar atır, dünyanın aparıcı şirkətləri ilə müqavilələr imzalayır. Azərbaycan Füzuli Beynəlxalq Hava Limanını cəmi 8 ay ərzində inşa edərək istismara verdi. Həmçinin işğaldan azad olunmuş əraziləri birləşdirən avtomobil və dəmir yollarının tikintisi həyata keçirilir. Bu ərazilərdə hazırda “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin icra olunması bölgə üçün yeni imkanlar və perspektivlər vəd edir.
“Birinci Qarabağ savaşı zamanı yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur yenidən qurulduqdan sonra əbədi yaşamaq üçün öz doğma torpaqlarına qayıdacaqlar. Hər bir azərbaycanlı bu möhtəşəm Qələbənin əldə olunmasında canını fəda edən və igidlik göstərən şəhidlərimizə və qazilərimizə borcludur. Azərbaycan xalqı hər zaman onlara minnətdar olacaq. Şəhidlərimizin və qazilərimizin bu şücaəti gələcək nəsillərə ötürüləcək, tarix boyu yaddaşımızda silinməz olaraq qalacaq. Müharibə başa çatsa da, ermənilərin hələ də müəyyən revanşist çağırışlar etməsi alimlərimiz, araşdırmaçılarımız və gənc tədqiqatçılarımız qarşısında da mühüm vəzifələr qoyur, mövzuya elmi baxışı zəruri edir. Bu səbəbdən biz tədqiqatçılar elm cəbhəsində öz sözümüzü deməli, Azərbaycan xalqı qarşısında öz vəzifəmizi layiqincə yerinə yetirməliyik. Zəfər Günümüz mübarək!”, - deyə N.Qəhrəmanova fikrini yekunlaşdırıb.