Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Həmdəm Ağayevin xatirəsi anılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Milli Məclis sədrinin müavini Adil Əliyev, parlamentin komitə sədri Bəxtiyar Əliyev, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə İkinci Fəxri xiyabanda Ordumuzun şəhid polkovnik-leytenantı Həmdəm Ağayevin anım mərasimi keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən Adil Əliyev polkovnik-leytenant Həmdəm Ağayevin Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq həlak olduğunu diqqətə çatdırıb. Həmdəm Ağayevin döyüş yoldaşları ilə birlikdə misli görünməmiş şücaət göstərərək Zəfərimizə töhfə verdiyini bildirib. Deyib ki, ölkəmizin ərazi bütövlüyü məhz Həmdəm kimi oğullarımızın canı-qanı bahasına təmin edilib. Biz hər zaman şəhidlərimizə borcluyuq, onların yadigar qalmış övladları həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq.
Milli Məclis sədrinin müavini şəhidlərimizin xatirəsinin xalqımız üçün hər zaman əziz olduğunu vurğulayıb və Allahdan şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.