Vətəndaşların rəqəmsal gigiyena və kibermaariflənmə səviyyəsi yüksəldilməlidir – Ekspert rəyi
Bakı, 4 avqust, AZƏRTAC
Son zamanlar ölkəmizdə kiberdələduzluq hallarının, xüsusən də sosial şəbəkələr və mesajlaşma tətbiqləri üzərindən vətəndaşların bank kartı məlumatlarının və sosial hesablarının ələ keçirilməsi hallarının kəskin artması kibertəhlükəsizlik sahəsində ən aktual məsələlərdən birinə çevrilib. Dələduzlar adətən “aşağı faizli kredit”, “asan qazanc” və ya “dövlət tərəfindən yardım” kimi saxta vədlərlə insanları zərərli keçidlərə yönləndirir, yaxud psixoloji manipulyasiya vasitəsilə təsdiq kodlarını ələ keçirirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov səsləndirib.
O bildirib ki, bu proses sadəcə fərdi şəxslərin maliyyə itkilərinə səbəb olmur, həm də ölkənin rəqəmsal ekosisteminə olan inamı zədələyir və ümumi kibermühit üçün ciddi risklər formalaşdırır: “Bu təhdidlərin qarşısının alınması üçün təkcə dövlət və özəl sektorun texniki müdafiə sistemlərini gücləndirməsi kifayət etmir, eyni zamanda, vətəndaşların rəqəmsal gigiyena və kibermaariflənmə səviyyəsi yüksəldilməlidir. Vətəndaşlar anlamalıdırlar ki, ikiaddımlı doğrulama funksiyasını aktivləşdirmək, gələn birfəaliyyətli təsdiq kodlarını heç kimlə paylaşmamaq və şübhəli linklərdən uzaq durmaq müasir dövrdə hər bir fərdin şəxsi məsuliyyətidir. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin kütləviləşdirilməsi və qabaqlayıcı təhlükəsizlik mexanizmlərinin tətbiqi rəqəmsal məkanımızın etibarlılığını təmin etmək üçün ən vacib prioritetdir”.