“Vətənin mərd oğlu” adlı videoçarx kiçik çavuş Əjdər Dadaşova həsr olunub
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Əjdər Dadaşov haqqında “Vətənin mərd oğlu” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidin ömür yolundan bəhs edən videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.
Videoçarxda qeyd edilib ki, Əjdər Pənah oğlu Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Dadaşov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əjdər Dadaşov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.