Vladimir Norov: Yoxsulluğun aradan qaldırılması üçün İslam sosial maliyyəsinin potensialı çox böyükdür
Bakı, 20 iyun, AZƏRTAC
Avropada (müsəlmanların sayı 44 milyon nəfərdir) və ABŞ-da (müsəlmanların sayı hazırda 3,5 milyon nəfərdir), ümumiyyətlə, dünyada İslam maliyyələşməsi sürətlə genişlənir. 2060-ci ilədək dünyada müsəlmanların sayı 3 trilyon nəfərə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi” mövzusunda panel müzakirələrində çıxışında deyib.
“Son illərdə İslam İnkişaf Bankının maliyyə vəsaiti 4 dəfə artıb. Hazırda İslam İnkişaf Bankının əməliyyat kapitalı 70 milyard dollar təşkil edir”, - deyən sabiq nazir bildirib ki, bu, demək olar məcburi deyil, xeyriyyə təşkilatlarından könüllü şəkildə, fondlara islami ianələrdən yığılan vəsaitdir. Yoxsulluğun aradan qaldırılması üçün İslam sosial maliyyəsinin potensialı çox böyükdür.
“Mən xüsusilə buna diqqət çəkmək istəyirəm. Çünki müsəlman əhalinin sayı dünyada artacaq, 2060-cı ildə dünyada 3 trilyon müsəlman olacaq və buna görə də bizim xüsusi diqqətə ehtiyacımız var. Çünki bu gün müsəlman ölkələrində iqlim böhranı artır”, - deyə o qeyd edib.