SİYASƏT
VYANADA BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİ BAŞ KONFRANSININ 52-Cİ İCLASI KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 29-da Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının 52-ci iclası öz işinə başlamışdır. 140-dan çox ölkədən mütəxəssislərin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Nazirlər Kabinetinin, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, eləcə də ölkəmizin Avstriyadakı səfirliyinin əməkdaşları daxildirlər.
Sentyabrın 30-da keçirilmiş geniş iclasda akademik M.Kərimov milli məruzə ilə çıxış etmişdir.
Məruzədə Azərbaycanın BAEA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyi xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan ilə BAEA arasında texniki əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirilir. Cari ilin aprelində ölkəmizdə Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin əsası qoyulmuş və hazırda agentliyin normativ sənədləri, strukturu, kadr heyəti və digər mühüm tərkib hissələri yaradılmaqdadır. Milli Onkoloji Mərkəz isə onkoloji xəstələrin müayinə və müalicəsi üçün nüvə təbabəti avadanlığı ilə təmin edilmişdir.
Məruzədə Baş konfransın diqqəti xüsusi olaraq nəzarətsiz ərazilər probleminə yönəldilmiş, müxtəlif münaqişələr nəticəsində işğal olunmuş ərazilərdə yaradılmış və beynəlxalq aləmdə qəbul edilməyən qondarma rejimlərin xüsusi nəzarət mexanizmlərindən kənarda qalması qeyd edilmişdir. Bildirilmişdir ki, həmin ərazilər nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsinə və başqa məqsədlər üçün istifadəsinə, eləcə də həmin materialların terroristlərin əlinə keçməsinə əlverişli şərait yaradırlar. Əsasən də Azərbaycanın yerləşdiyi həssas regionda bu məsələ xüsusilə ciddi xarakter alır.
M.Kərimov BAEA-nı bununla bağlı təsirli tədbirlər görməyə, dünyada sülhün və sabitliyin təmin olunması üçün səylərıni artırmağa çağırmışdır.
Baş Konfransın ilk iclas günü Ukrayna nümayəndə heyətinin rəhbəri GUAM ölkələri adından məruzə ilə çıxış etmişdir. Lesoto, Oman və Papua Yeni Qvineya isə agentliyə üzv qəbul edilmişlər.
Azərbaycan nümayəndə heyəti iclas çərçivəsində BAEA-nın Avropa, Təhlükəsizlik, Texniki Əməkdaşlıq və Nüvə Təhlükəsizliyi departamentlərinin nümayəndələri ilə görüşlər keçirəcəkdir.
BAEA-nın Baş Konfransının 52-ci iclası oktyabrın 4-də başa çatacaqdır.
######