Vyetnam ədəbiyyatında müharibə mövzusu başlıca yer tutur
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin növbəti seminarı Vyetnam ədəbiyyatında müharibə mövzusuna həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov Asiya xalqları ədəbiyyatı içərisində Vyetnam ədəbiyyatının, Vyetnam ədəbiyyatında isə müharibə mövzusunun başlıca yer tutduğunu bildirib.
Kiçik elmi işçi Sevda Məmmədova “Çağdaş Vyetnam ədəbiyyatında müharibənin təsviri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, 1960-cı illərdən etibarən Azərbaycan xalqının Vyetnam xalqı ilə qurulan ədəbi əlaqələri 70-ci illərdə dostluq səfərləri, yazıçı və şairlərin yaradıcılıq görüşləri və əməkdaşlıqları çərçivəsində inkişaf edib. 1972-ci ildə ölkəmizdə dörd Vyetnam yazıçısı qonaq olub. Vyetnam yazıçı və şairlərinin əsas mövzulardan biri müharibə mövzusudur. 1920-ci illərdə və sonralar ədəbiyyata gəlmiş Nquen Konq Xoan, Kxı-onq Xıu Zunq, Nqyen Xay Çınq, Xıy May və digər Vyetnam yazıçılarının əsərlərində vətənpərvərlik mövzusu başlıca yer tutur. Onların əsərlərində işğalçılara nifrət, doğma yurda həsrət təsvir edilir.
Müasir Vyetnam ədəbiyyatında Vyetnam-ABŞ müharibəsinə həsr olunmuş “Göy cəbhəsi” əsəri (“Yüksəklikdə çarpışma”) Nguyen Dinh Thi tərəfindən (2924-2003) qələmə alınıb. Roman 1968-ci ildə Türkiyə türkcəsinə Cemal Süreyya, “Son yalnızlıq” əsəri isə 2005-ci ildə Yaşar İlksavaş tərəfindən tərcümə edilib.