WOAH-nin saytında AQTA-nın simulyasiya təlimi barədə məlumat dərc edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 16-17-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının assosiativ-simulyasiya təlimi barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) rəsmi saytında məlumat dərc olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, simulyasiya barədə məlumatı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev verib. Həmçinin bildirilib ki, simulyativ təlimin keçirilməsində məqsəd yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəlikləri baş verdiyi halda, ölkədə böhran vəziyyətinin idarə olunmasından və buna hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Təşkilatın rəsmi saytında simulyasiya təlimində yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəlikləri ilə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılmasının, eləcə də bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılmasının əsas hədəf olaraq müəyyən edildiyi də qeyd olunub.