WUF13-də uşaqlar və gənclər şəhərlərin gələcəyini müzakirə ediblər
Bakı, 17 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Uşaq və Gənclər Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, assambleyada uşaqların və gənclərin şəhərsalma prosesində iştirakının artırılması, təhlükəsiz və əlçatan yaşayış mühitinin yaradılması, şəhərlərin gələcəyinin birgə qurulması məsələləri müzakirə olunub.
Bildirilib ki, 2050-ci ilədək dünya üzrə uşaqların və gənclərin təxminən 70 faizi şəhərlərdə yaşayacaqlar. Hazırda isə onların böyük hissəsi qeyri-rəsmi yaşayış məntəqələrində və sıx məskunlaşmış ərazilərdə mənzil problemləri ilə üzləşir. Qeyd olunub ki, bu problemlərin həlli üçün yerli şəraitə uyğun yanaşmalar vacibdir.
Assambleyada vurğulanıb ki, mənzil yalnız yaşayış yeri deyil, həm də təhlükəsizlik, sağlamlıq və sosial rifah üçün mühüm amildir. Tədbir çərçivəsində gənclərin həyata keçirdiyi təşəbbüslər və şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflər müzakirə edilib.
Müzakirələrdə əlverişli mənzil siyasəti, şəhərsalma islahatları, gənclərin şəhər planlaşdırılmasında iştirakı və gələcək nəsillər üçün mənzillərin daha əlçatan olması məsələlərinə xüsusi diqqət yetirilib.
Assambleyanın yekununda uşaqlar və gənclər üçün yaşayış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması, şəhərlərin daha yaşanıqlı olması üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.