Xaçmaz rayonunda mal-qara qarayara xəstəliyinə qarşı peyvənd olunur VİDEO
Xaçmaz, 15 fevral, Elxan Yusifli, AZƏRTAC
Yanvarın əvvəllərindən başlayaraq Xaçmazda şəxsi və fermer təsərrüfatlarında brusellyoza qarşı seroloji müayinələr və qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.
AZƏRTAC xəbər verir ki, yaxın iki ayda 20 minə yaxın iribuynuzlu heyvandan qan nümunəsinin götürülməsi nəzərdə tutulub. Bununla yanaşı, rayonda saxlanılan 50 min başa yaxın heyvan qarayara xəstəliyinə qarşı peyvənd ediləcək. Eyni zamanda, xəstəliklərə qarşı profilaktiki tədbirlərin aparılması məqsədilə fermerlər arasında maarifləndirmə işi aparılır, onlara müvafiq dərmanlar paylanılır.
Heyvanlardan alınan qan nümunələri baytarlıq laboratoriyalarında yoxlanıldıqdan sonra nəticələri barədə 2-3 gün ərzində fermerə məlumat verilir. Əgər virus aşkarlanarsa, xəstə heyvan müvafiq qaydada təsərrüfatdan kənarlaşdırır.
Xaçmaz rayon baytarlıq idarəsindən bildirilib ki, təsərrüfatlarda aparılmış müayinələr zamanı hələlik brusellyoz virusu aşkar edilməyib.