Xaçmazda kikboksinq birinciliyinin qalibləri müəyyənləşib
Xaçmaz, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda "Narkomaniyaya yox deyək!" layihəsi çərçivəsində kikboksinq idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən açıq rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib, respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bu cür yarışların keçirilməsinin rayonda kikboksinq idman növünün inkişaf etdirilməsi baxımından əhəmiyyətini, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin qarşısının alınmasında idmanın önəmli rolu olduğunu vurğulayıblar.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda Quba, Qusar və Xaçmaz rayonlarını təmsil edən 6 komandanın tərkibində 150-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb. Müxtəlif çəki dərəcəsində olan idmançılar Beynəlxalq Kikboksinq Təşkilatının qaydalarına əsasən “Lou-Kik” stili üzrə yarışıblar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Xaçmaz Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.