Xaçmazda şəhid, qazi və ahıl ailələrinə bayram sovqatları çatdırılıb
Bakı, 26 may, AZƏRTAC
Qurban bayramı münasibətilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə bir sıra yaşayış məntəqələrində Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev tərəfindən 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, eləcə də Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından 255 ağsaqqala, ümumilikdə 1280 ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları və qurbanlıq ət payları çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik ünvanlayıb, onlara səmimi diləklərini və xoş arzularını da yetirib.
Qeyd olunub ki, Azərbaycan xalqı Qurban bayramını Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmdə qeyd edir. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən mübarək Qurban bayramı günlərində Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, ölkəmizin firavanlığı və xalqımızın rifahı naminə dualar oxunur.
Milli, mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olaraq deputatın təşəbbüsü və maliyyə dəstəyi ilə 3 nəfəri şəhid ailəsi üzvü, 1 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfər isə ağsaqqal ziyalı olmaqla, hər il ümumilikdə 5 nəfər, o cümlədən bu il Xaçmaz rayonundan şəhid anaları Məlahət Mürsəliyeva, Zəminə Ağasiyeva, Yeganə Tağıyeva, Vətən müharibəsinin qazisi Akif Novruzov və rayon ağsaqqalı Nəzər Qafarov Həcc ziyarətinə göndərilib.
Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.